Azərbaycanın poladtökmə sənayesi tələbin artması fonunda məhsul istehlakı 1 milyon tona qədər artırıb. Bunu “Baku Steel Company”nin baş direktorunun müavini Anar Hacızadə deyib.
“Azərbaycanda polad istehlakı ötən illə müqayisədə 7% artaraq ildə 1 milyon tona çatıb. Polada tələbin artması Qarabağ və Şərqi Zəngəzurun bərpası da daxil olmaqla Azərbaycanda tikinti bumu ilə əlaqədardır”, - deyə o, bu gün Bakıda keçirilən “Dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində Qara Dəniz Ticarət və İnkişaf Bankının rolu” adlı biznes forumda bildirib.
A.Hacızadənin sözlərinə görə, 2020-ci ildə pandemiya ilə əlaqədar “Bakı Steel Company”nin istehsal gücünün 50%-dən istifadə olunub. “2021-ci ildə bu rəqəm 75%-ə çatdırılıb və indi, 2022-ci ildə istehsal gücümüzün 85%-dən istifadə edirik”, - deyə baş direktorun müavini qeyd edib.*
E.Şəfiyev