Bakı və Berlin bir çox sahələrdə birgə maraqlara malikdir. Bunu ölkəmizdəki diplomatik fəaliyyəti sona çatan Almaniyanın səfiri Volfqanq Maniq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı bildirib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
XİN-in məlumatında qeyd olunur ki, diplomat ölkədən “xoş təəssüratlarla” ayrıldığını bildirib və Bakı ilə Berlinin “bir çox sahələrdə birgə maraqlarının” olduğunu söyləyib.
Öz növbəsində, Bayramov Almaniya səfirinə Azərbaycanda uğurlu fəaliyyətinə və bu müddətdə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir Almaniyanın hər zaman Azərbaycanın suverenlik və ərazi bütövlüyünə nümayiş etdirdiyi dəstəyi məmnunluqla vurğulayıb.
XİN-dən əlavə ediblər ki, tərəflər iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar, həmçinin bölgədəki cari münaqişə sonrası vəziyyət müzakirə ediblər, eyni zamanda, münasibətlərin normallaşmasının, sülh dialoqunun davam etməsinin vacibliyi vurğulanıb. **