Azərbaycanın Tehrandakı səfirliyi bazar günü Twitter hesabında Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin İranın İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşü barədə məlumat verib.
Səfirliyin məlumatına görə, tərəflər İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya əlaqələrinin yaradılması haqqında iki ölkə arasında 11 mart 2022-ci ildə Bakıda imzalanmış Anlaşma Memorandumundan irəli gələn işlərin icrasını müzakirə ediblər.
“Tərəflər bu layihə çərçivəsində tikiləcək körpülərin texniki işlərinin yekunlaşdırılması və inşaat işlərinə tezliklə başlanmasının önəmini qeyd ediblər”, - məlumatda qeyd olunur.
Görüşdə, həmçinin Azərbaycanın səfiri və iranlı nazir Rəşt-Astara dəmir yolu xəttinin və Astaraçayı üzərində dəmiryolu yük terminalının tikintisinin davamı haqqında fikir mübadiləsi aparıblar, həyata keçirilən bu birgə layihələrin Bakı ilə Tehran arasında iqtisadi-ticari əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəyini vurğulayıblar.
O cümlədən, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. **
R.Kərimov