Bazar günü Azərbaycan prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda bir sıra obyektlərin təməlqoyma mərasimlərində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Məlumatda qeyd olunur ki, Əliyev Göygöl rayonuna, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər və Laçın rayonlarına səfər edib.
Bildirilir ki, dövlət başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.
Azərbaycan prezidentinə Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Əliyev, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.
Dövlət başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib. Sonra Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlət başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib. Səfər zamanı prezident Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub. **
R.Kərimov