Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində əməliyyat (komando) birləşmələrinin yaradılması barədə danışıb.
“Azərbaycan Ordusunun tərkibində Quru Qoşunları, əməliyyat (komando) birləşmələri və Milli Müdafiə Universiteti yaradıldı. O cümlədən Xüsusi Təyinatlı Qüvvələr və Hərbi Dəniz Qüvvələrinin ştatlarının optimallaşdırılması həyata keçirilərək qüvvə və vasitələrinin sayı artırıldı”, - deyə o, AZƏRTAC-a müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində yaradılan əməliyyat (komando) birləşmələrinin şəxsi heyəti peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlıq kurslarına cəlb edilib. Hazırlıq kurslarında fərqlənən və yüksək nailiyyətlər əldə edən hərbi qulluqçular əlavə olaraq təlimatçı kurslarına cəlb ediliblər. Nəticə olaraq Azərbaycan Ordusunda Komando Təlim Mərkəzi yaradılıb. Hazırda sözügedən təlim mərkəzində bu birləşmələr üçün şəxsi heyətin hazırlanması davam etdirilir.
Z.Həsənov bildirib ki, uğurlu “Dəmir yumruq” əməliyyatından sonra Prezident İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə yüksəlməsi, habelə qoşunların ən müasir silah və hərbi texnika, bütün təminat növləri ilə təmin edilməsi barədə müvafiq göstərişlər verdi.*
R.Kərimov