Azərbaycan Ordunun inkişafı istiqamətində işləri davam etdirəcək, ən müasir silahları almaq üçün yeni kontraktlar imzalanıb. Bunu Prezident İlham Əliyev deyib.
“Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək”, - deyə dövlət başçısı iyunun 26-da Kəlbəcər rayonunda komando hərbi hissəsinin hərbçiləri qarşısında çıxışı zamanı bildirib.
Prezident əlavə edib ki, Ermənistanla sərhəddə Azərbaycanın mövqeləri daha da möhkəmlənəcək.
“Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”, - deyə İ.Əliyev vurğulayıb.*
N.Abbasova