“Silk Way West Airlines” şirkəti “Airbus” ilə iki A350F yük təyyarəsinin alınmasına dair müqavilə imzalayıb, onların çatdırılması 2027-2028-ci illərdə planlaşdırılır.
“İnterfaks-Azərbaycan” agentliyi “Silk Way West Airlines” şirkətinə istinadən məlumat verir ki, 28 iyun 2022-ci ildə imzalanan razılaşmaya əsasən, gələcəkdə daha iki A350F təyyarəsinin alınması nəzərdə tutulur.
Bu sövdələşmə “Silk Way West Airlines” şirkətinin gələcəkdə dünya yük aviadaşımaları bazarında öz iştirakını genişləndirməni ifadə edir. Təyyarələrin alınması şirkətə yükdaşımalar üzrə artan tələbatın qarşılanması məqsədilə beynəlxalq hava şəbəkəsini genişləndirməyə imkan verəcək.
A350F təyyarələrinin alışə üzrə bu müqavilə Mərkəzi Asiya və MDB regionunda bir ilkdir. A350F dünyanın ən qabaqcıl uzaq məsafəli təyyarəsi olan A350-nin əsasında hazırlanıb.
“Biz “Airbus” ilə ilk, lakin əlbəttə ki, sonuncu olmayan müqaviləni imzalamaqdan böyük məmnuniyyət hissi duyuruq və əminəm ki, səy göstərdiyimiz gələcək inkişaf üçün bu çox səmərəli tərəfdaşlıq olacaq. Əminəm ki, yeni təyyarələrin alınması önümüzdəki 15-20 il ərzində şirkətimizin qlobal hava yolu ilə yükdaşıma bazarındakı aparıcı mövqelərini daha da gücləndirəcək”, - məlumatda “Silk Way West Airlines”ın prezidenti Volfqanq Meyerin sözlərindən sitat gətirilir.
“Silk Way West Airlines” hava yolu yükdaşıma şirkətinin əsası 2012-ci ildə Bakıda qoyulub. Nizamnamə kapitalı 172 milyon 091,168 min manatdır. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 350 min ton təşkil edir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli “Silk Way West Airlines” ayda 40 istiqamət üzrə 350-yə yaxın uçuş həyata keçirir. Aviaşirkətin donanması ən müasir təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 12 ədəd “Boeing 747-8F” və “Boeing 747-400F” yük təyyarəsindən ibarətdir.**
R.Əhmədov