Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə dair açıqlamasını şərh edib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, L.Abdullayeva qeyd edib ki, bu açıqlama Ermənistan rəsmiləri tərəfindən Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələrin göndərilməsi ilə bağlı edilən növbəti etirafdır.
“Bu, Ermənistanın 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyanatının kobud şəkildə pozulmasıdır. Xatırladırıq ki, sözügedən Bəyanatın 4-cü maddəsinə istinadən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır və paralel olaraq bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilir. Tərəfimizdən, bundan öncə dəfələrlə Ermənistan tərəfinin üçtərəfli Bəyanatın müddəalarını pozduğu, o cümlədən qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını bəyan etmişik”, - deyə XİN rəsmisi bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfindən münaqişə sonrası mərhələdə münasibətlərin normallaşması və sülh quruculuğu istiqamətində addımlar atıldığı bir vaxtda, Ermənistan tərəfinin belə bir yanaşması sonuncunun bölgədə sülh yox, gərginlik yaratmaq marağını açıq şəkildə nümayiş etdirir.
“Ermənistan rəsmilərinin bu açıqlaması Ermənistan tərəfinin sülhdən danışmasının riyakarlıqdan başqa bir şey olmadığını göstərir. Bu, həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür”, - deyə L.Abdullayeva vurğulayıb.*
E.Şəfiyev