Rusiya prezidenti Vladimir Putin Xəzəryanı ölkələrin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialının olduğunu bildirib.
“Xəzər “beşliyi”nin energetika sahəsində əməkdaşlıq üçün böyük imkanları var”, - deyə Putin Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bildirib.
O, Xəzər akvatoriyasındakı neft və qaz yataqlarının müştərək istismarı barədə razılaşmaların artıq həyata keçirildiyini qeyd edib: “Bu, tərəflərin maraqlarını şüurlu və məntiqli şəkildə qorumağa, Xəzər dənizinin təbii sərvətlərindən energetikanın həm ənənəvi, həm də innovativ sektorlarında istifadə etməyə imkan verir”.
Putinin sözlərinə görə, Rusiya əsas hədəfləri olaraq regional ticarət-investisiya əlaqələrinin, qarşılıqlı faydalı sənaye və yüksək texnologiya kooperasiyalarının gücləndirilməsini görür.
“Rusiyanın Xəzəryanı ölkələrlə ticarət həcmi müntəzəm şəkildə artır. 2021-ci ildə ticarət dövriyyəsi 35%-dən çox artıb. Bu ilin yanvar-aprel aylarında həmin göstərici daha çox artıb”, - deyə Rusiya lideri əlavə edib.*