Sahibkarlığın İnkişafı Fondu (SİF) 2022-ci ilin yanvar-may aylarında turizmin inkişafı ilə bağlı layihələrə 1,3 milyon manat güzəştli kredit verib.
Fonddan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 5 layihəyə verilən kreditlər hesabına 39 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Fond tərəfindən indiyədək 234 turizm layihəsinin maliyyələşdirilməsi məqsədilə 60,3 milyon manat güzəştli kredit vəsaiti ayrılıb və bu layihələrin reallaşdırılması 5 mindən artıq yeni iş yerinin açılması imkanı yaradır.
Turizm layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda daxil olan müraciətlərin əksəriyyəti kənd turizminin inkişafı, otel, mehmanxana və qonaq evinin yaradılması və ya genişləndirilməsi, sanatoriya və müalicə sağlamlıq mərkəzinin təşkili ilə bağlı olub.
Turizm sahəsi pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrindən biri hesab olunur.
Dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində turizm sahəsində fəaliyyət göstərən 43 sahibkarlıq subyektinin ümumi məbləği 7,6 milyon manat olan kreditlərinə 4,5 milyon manat məbləğində dövlət zəmanəti verilib. Zəmanət verilmiş kreditlər üzrə 499 min manat məbləğində subsidiya ödənilib.
Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində isə 47 turizm layihəsinə 349 min manat məbləğində vəsait verilib.*
B.Rüstəmbəyov