İyunun 29-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı aviasiya marşalı Zahir Ahmed Baber Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə iki ölkənin HHQ arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Görüşdə Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.
R.Tahirov ölkələrimizin digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya sahəsində əməkdaşlığının da inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Öz növbəsində, Z.Sidhu bildirib ki, Azərbaycan hərbi pilotlarının Pakistanın HHQ Akademiyasında təhsil almaları, eyni zamanda, ölkəsinin HHQ-nin helikopter heyətlərinin Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçmələri iki dövlət arasında hərbi aviasiya sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsidir.*
R.Kərimov