Bakı Nəqliyyat Agentliyi (BNA) “Zığ Avtoparkı” MMC-yə məxsus avtobus qarajının tikintisi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınmasına 18 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, BNA “MİNERA” MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri - 18 milyon 85,261 min manatdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Prezident İlham Əliyev 2022-ci il fevralın 7-də “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, BNA publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. **
B.Rüstəmbəyov