Böyük Britaniya Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün BMT-nin İnkişaf Proqramına (UNDP) £500 min ayırıb. Bu barədə “İnterfaks-Azərbaycan” Böyük Britaniya XİN-ə istinadən məlumat verir.
2021-ci ilin sentyabr ayında London UNDP-nin xətti ilə Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə artıq £500 min ayırıb.
“Ayrılmış vəsait minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə mütəxəssislərin hazırlanması və yerli əhaliyə ekspert yardımının göstərilməsi xidmətlərinə yönəldiləcək”, - XİN-in məlumatında deyilir.
Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Ceyms Kleverli bu qərarı şərh edərkən Azərbaycan və Ermənistanı BMT-nin piyada əleyhinə minalardan və kasettipli döyüş sursatlarından istifadəyə son qoyulmasına yönələn konvensiyaları imzalamağa çağırıb. **
E.Şəfiyev