Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Aİ-nin regionda davamlı sülhə kömək etməyə sadiq olduğunu bəyan edib.
“İnterfaks-Azərbaycan” agentliyi Aİ-yə istinadən məlumat verir ki, 29-30 iyun tarixlərində Gürcüstanda 40-dan artıq erməni və azərbaycanlı fəalların görüşü keçirilib, görüşdə dinc Cənubi Qafqazın gələcək mümkün ssenariləri müzakirə edilib.
Müzakirələr iqtisadiyyat, təhlükəsizlik sahəsində ssenariləri əhatə edib, görüş iştirakçıları uzunmüddətli sülhün təminatı məqsədilə ermənilər və azərbaycanlılar arasında duran bir çox problemlərin həlli üçün milli hökumətlər, vətəndaş cəmiyyəti və xarici subyektər tərəfindən atılması mümkün addımları dəyərləndiriblər.
Bu görüşü şərh edərək Klaar etiraf edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi barədə debatlar çoxsaylı çağırışlar və yüksək emosiyalarla müşayiət olunur. “O, praktiklərin dialoqun təşkili, etimadın möhkəmlənməsi və nəinki Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasına, həm də bütövlükdə Cənubi Qafqazın firavan gələcəyinə əngəl törədən kök salmış meyllərə qarşıdurmaq üzrə səylərini davam etdirməklə bağlı əzmini alqışlayır”, - məlumatda vurğulanır. **
R.Əhmədov