“AzerGold” QSC 2022-ci ilin yanvar-may aylarında qiymətli metalların ixracından 58.4 milyon manat ($34,4 milyona yaxın) gəlir əldə edib.
“İnterfaks-Azərbaycan” agentliyi şirkətin məlumatına istinadən xəbər verir ki, yanvar-may aylarında beynəlxalq birjalarda 17.3 min unsiya qızıl, 52.3 min unsiya gümüş, o cümlədən may ayı ərzində 4.8 min unsiya qızıl və 11.4 min unsiya gümüş satılıb.
“AzerGold” tərəfindən cari ilin ilk 5 ayında 20.3 min unsiya qızıl, 67.8 min unsiya gümüş, may ayında 5.1 min unsiya qızıl, 13.9 min unsiya gümüş hasilatı həyata keçirilib.
“AzerGold” qeyd edir ki, 2022-ci ilin yanvar-may ayları ərzində əldə edilən hasilat və ixrac rəqəmlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə müəyyən qədər planlı azalması Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin(ÇİRES) istehsalat xəttində həyata keçirilən optimizasiya işləri ilə əlaqədardır.
Belə ki, mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və dayanıqlı hasilatın təmin edilməsi məqsədilə cari il ərzində icra olunan yenidənqurma işləri çərçivəsində ÇİRES-də mövcud qırıcı və konveyer xətlərinin süxurkeçirmə qabiliyyəti artırılaraq, müəssisənin istehsal imkanları yüksəldilib.
“Nəticədə, əvvəlcə xırdalama sahəsində saatda 210 ton filiz emal edilirdisə, optimizasiya işlərindən sonra qeyd olunan həcmin 43% artırılaraq saatda 300 tona çatdırılmasına nail olunub. Beləliklə, optimizasiya işləri hasilat və ixracatın cari ilin 3-cü rübündən etibarən artırılmasına və ötən ilin yekun göstəricilərindən daha artıq icra edilməsinə imkan yaradacaq”, - deyə məlumatda bildirilir.
Hazırda mövcud topa aşındırma üsulu ilə işləyən emal zavoduna əlavə olaraq, tranzit və sulfid filizlərinin emalı üçün çən aşındırma üsulu (Carbon in Leach - CIL) ilə fəaliyyət göstərəcək yeni emal zavodu 2022-ci ilin sonu-2023-cü ilin əvvəlində istismara veriləcək.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova