2021-ci ilin yekunları üzrə “Azərbaycan Supermarket” MMC-nin zərəri 65,006 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 38,5% çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, cəmiyyətin 2021-ci il üzrə maliyyə hesabatına əsasən, ötən il şirkətin gəlirləri 572,69 milyon manat (2020-ci illə müqayisədə artım 11,7%), satışların maya dəyəri 464,822 milyon manat (artım 10%) təşkil edib.
2021-ci ildə cəmiyyətin ümumi mənfəəti 107,868 milyon manat (artım 19,3%), kommersiya, ümumtəsərrüfat və inzibati xərcləri 130,432 milyon manat (artım 19,5%) təşkil edib.
Nəticədə əməliyyat xərcləri 23,55 milyon manat (artım 26,5%), maliyyə xərcləri 41,456 milyon manat məbləğində (artım 46,4%) olub. Beləliklə, zərər 65,006 milyon manat təşkil edib.
Maliyyə hesabatına əsasən, ötən il ərzində “Azərbaycan Supermarket”in aktivləri 14,5% - 533,602 milyon manata qədər artıb.
1 yanvar 2022-ci il tarixinə cəmiyyətin kapitalı 23,795 milyon manata (azalma 3,6 dəfə) bərabərdir. Ehtiyatlar 202,887 milyon manat (azalma 10,1%), yığılmış zərər 179,094 milyon manat (artım 28,5%) təşkil edib.
Hesabat dövründə şirkətin öhdəlikləri 34,3% artaraq 509,807 milyon manat təşkil edib.
“Azərbaycan Supermarket” MMC 2015-ci ilin fevral ayından fəaliyyət göstərir. Cəmiyyətin səhmdarları 3 hüquqi şəxsdir. 2021-ci ilin sonuna MMC-də 4896 nəfər çalışır.
Şirkət ərzaq və qeyri-ərzaq mallarının pərakəndə satışı seqmentində fəaliyyət göstərir. 2020-ci ilin sonuna şirkətin 66 satış nöqtəsi (3 hipermarket, 10 supermarket, mağaza və kafelər) mövcuddur. Cəmiyyətə məxsus hipermarketlər, supermarketlər və mağazalar “Bravo” ticarət markası altında fəaliyyət göstərir.*
X.Nəsirzadə