İyulun 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Müdafiə naziri revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib”, - deyə məlumatda bildirilir.
Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.
Müdafiə naziri yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinin fəaliyyətini, eləcə də onların komplektləşməsinin uğurla icra olunduğunu müsbət qiymətləndirib. General-polkovnik Z. Həsənov komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verib.
Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.*
R.Kərimov