Prezident İlham Əliyev iyulun 2-də Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sənədin mətni dövlət başçısının saytında dərc olunub.
Dəyişikliyə əsasən, “Təmiz Şəhər” ASC Azərbaycan Respublikasında bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılanadək, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsini, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsini, eləcə də Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsini həyata keçirəcək.
Mövcud qanunvericiliyə uyğun olaraq Cəmiyyət Bakı şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsini, həmçinin Bakı şəhərinin Qala qəsəbəsi və Şuşa şəhəri ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınmasını həyata keçirir.*
R.Kərimov