Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfər edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Pərviz Şahbazov 5 iyul tarixində Nur-Sultan şəhərində keçiriləcək Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclasında iştirak edəcək”, - deyə məlumatda bildirilir.
İclas çərçivəsində Hökumətlərarası Komissiyanın 17-ci iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.
Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə baş nazirin müavini - ticarət və inteqrasiya naziri Baxıt Sultanovdur.*
N.Abbasova