İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib ki, Azərbaycan-İran münasibətləri anlaşılmazlıq mərhələsindən keçib və hazırda inkişaf mərhələsindədir.
“Son aylar ərzində iki ölkə arasında ticarət həcmlərindəki artım bizi sevindirir və ümid edirik ki, bugünkü danışıqlar nəticəsində özəl və dövlət sektorunda ikitərəfli iqtisadi-ticari münasibətlər genişlənəcək. Biz anlaşılmazlıq mərhələsindən keçdik və hazırda iki ölkənin maraqlarına cavab verən hərtərəfli münasibətlərin inkişafı mərhələsindəyik”, - deyə o, bu gün Tehranda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin İran mətbuatına istinadən verdiyi xəbərə görə, iranlı nazir qeyd edib ki, ötən həftə Ankaraya səfəri çərçivəsində Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunub.
Abdullahian əlavə edib ki, Tehran Azərbaycan və Ermənistan arasında mövcud olan fikir ayrılıqlarının tərəflərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında, dialoq və diplomatiya yolu ilə həll edilməsinə tərəfdardır.*
E.Şəfiyev