Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması yolunda başlıca problem Ermənistan hakimiyyəti üzərində olan təzyiqdir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Ankarada avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşdə deyib.
O bildirib ki, Ermənistanda müəyyən dairələr bölgədə sülh istəmir.
Çavuşoğlunun sözlərinə görə, rəsmi Ankara İrəvanla dialoqun davam etdirilməsinə tərəfdardır.
“Təzyiqlər İrəvana normallaşma yolunda cəsarətli addımlar atmağa imkan vermir. Biz konstruktiv dialoqa hazırıq. Regionda uzunmüddətli sülhə ehtiyacımız var”, - deyə XİN başçısı vurğulayıb.
O qeyd edib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında da normallaşma prosesini dəstəkləyir.
Bununla əlaqədar Çavuşoğlu Azərbaycan və Ermənistan arasında razılaşdırılmış infrastruktur layihələrinin, o cümlədən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin önəmini diqqətə çatdırıb.
“Türkiyə bütün mərhələlərdə Azərbaycanla məsləhətləşir və addımlarını onunla koordinasiya edir”, – deyə nazir əlavə edib.
Onun sözlərinə görə, Ukraynada müharibə fonunda Asiya ilə Avropa arasında Orta Dəhlizin önəmi artıb.*