Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Beynəlxalq Bankının (ABB) ötən dövrdən qalan valyuta mövqeyinin tənzimlənməsi məqsədilə banka $236 milyon həcmində vəsait satıb.
“İnterfaks-Azərbaycan” agentliyi AMB-yə istinadən xəbər verir ki, bu addım ABB-nin sabitliyinin daha da gücləndirilməsinə xidmət edəcək.
“ABB-yə xarici valyuta satışı Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə edilməklə həyata keçirilib”, - deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, cari ildə Mərkəzi Bankın xarici valyuta ehtiyatları valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə alışlar hesabına xalis olaraq $297 milyon həcmində artıb.
“İlin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırılır”, - deyə məlumatda qeyd olunur.
2022-ci ilin yanvar ayında “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bildirmişdi ki, 2017-2021-ci illərdə ABB-nin açıq valyuta mövqeyi $0,3 milyarda qədər azalıb.
2022-ci il iyunun 30-na AMB-nin valyuta ehtiyatları $7 milyard 371,9 milyon məbləğində qiymətləndirilib.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur. ABB-nin nizamnamə kapitalı 1 milyard 224 milyon 478,248 min manatdır və hər birinin nominal dəyəri 0,27 manat olan 4 milyard 597 milyon 360,178 min ədəd səhmə bölünüb.*
A.Əzizov