Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25%-i səviyyəsində profisitin olacağını gözləyir.
“2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25%-i intervalında profisitin olacağı proqnozlaşdırılır”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyi 2022-ci ilin yekunları üzrə ÜDM-i 115,4 milyard manat məbləğində ($67,9 milyard) proqnozlaşdırır. Beləliklə, cari ilin sonuna cari əməliyyatlar hesabının profisiti $15,6-$17 milyard təşkil edə bilər.
2022-ci ilin I rübündə cari əməliyyatlar hesabının profisiti $3 milyard 952,7 milyon (2021-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə artım 6,3 dəfə) və ya ÜDM-in 22,4%-ni təşkil edib.
2022-ci ilin yanvar-mart aylarında neftin bir barelinin orta qiyməti $86,5 (bir il əvvəl $52,4) təşkil edib.
2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $8 milyard 291,6 milyon və ya ÜDM-in 15,2%-ni təşkil edib. Profisit neftin qiymətinin bahalaşması (2021-ci ildə bir barel neftin orta qiyməti bir il əvvələ olan $40,8-ə qarşı $66,8 təşkil edib) ilə şərtlənib.*
A.Əzizov