SOCAR və “Özbəkneftqaz” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə Yol Xəritəsi imzalanıb. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf deyib.
““Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Mehriddin Abdullayevlə görüşüm (Daşkənddə) zamanı SOCAR və “Özbəkneftqaz” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə Yol Xəritəsi imzalanıb”, - deyə o, Twitter hesabında yazıb.
“Özbəkneftqaz” şirkətinin saytında dərc olunmuş məlumata görə, Nəcəf və Abdullayevin görüşündə neft-qaz sahəsində birgə layihələrin reallaşdırılması və əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı fəaliyyətin nəticələri müzakirə olunub.
“Tərəflər, həmçinin birgə layihələrin həyata keçirilməsinin cari vəziyyətini müzakirə edib və onların sürətləndirilməsi mexanizmlərini nəzərdən keçiriblər. Neft-qaz və neft-qaz-kimya sahələrində layihələrin birgə reallaşdırılması perspektivləri, xüsusilə texnologiya və peşəkar təcrübə mübadiləsi imkanları müzakirə olunub, layihələrin birgə öyrənilməsi ilə bağlı ilkin razılaşma əldə edilib”, - deyə məlumatda bildirilir.
“Görüşdə, həmçinin SOCAR əməkdaşlarının “Özbəkneftqaz” şirkətinin qaz-kimya sahəsində uğurlu təcrübəsi ilə tanış olmaq imkanları, həmçinin SOCAR-ın dəstəyi ilə Özbəkistanın neft-qaz və neft-qaz-kimya məhsullarının ixrac potensialının artırılması məsələləri müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2018-ci ilin may ayında “BP Exploration”, SOCAR və “Özbəkneftqaz” şirkətləri “Özbəkistan Respublikasında yataqların birgə kəşfiyyatı və işlənməsi imkanlarının öyrənilməsi haqqında Anlaşma Memorandumu”, 2019-cu ilin may ayında isə “Özbəkistanın Üstyurt regionundakı 3 investisiya blokunda (Aral dənizi akvatoriyasının Özbəkistan hissəsi, Samsko-Kosbulak və Bayterek) kəşfiyyat işlərinin aparılması imkanlarının öyrənilməsi üzrə birgə tədqiqatlar haqqında” Saziş imzalayıb.*
N.Abbasova