2022-ci ilin I yarısında dövlət büdcəsinin profisiti 1 milyard 268,9 milyon manat (hesabat dövründə büdcə gəlirlərinin 8,9%-i) təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
2022-ci ilin ilk altı ayında dövlət büdcəsinin mədaxili 14 milyard 205,5 milyon manat olub. Proqnoz 107,4% yerinə yetirilib. 2021-ci ilin I yarısı ilə müqayisədə büdcə gəlirləri 20,8% artıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 482,1 milyon manat vəsait (proqnozun 146,7%-i, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 49,3%) daxil olub. Həmin vəsaitin 67,6%-i və yaxud 4 milyard 381,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 38% çox olub.
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 539,7 milyon manat vəsait (proqnozun 122,8%-i, 2021-ci ilin 6 ayı ilə müqayisədə artım 24,6%) təmin edilib.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 648 milyon manat məbləğində transfert daxil olub, proqnoz 73,1% yerinə yetirilib.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 164,2 milyon manat, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 371,5 milyon manat vəsait daxil olub.
2022-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 7 milyard 195,9 milyon manat təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 12 milyard 936,6 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11,6% çoxdur. Proqnoz 100,6% yerinə yetirilib.
Sosialyönümlü xərclər dövlət büdcəsinin faktiki xərclərinin 44,8%-ni təşkil etməklə 5 milyard 799,8 milyon manat məbləğində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% çoxdur.
I yarımillikdə dövlət büdcəsi xərclərinin 8 milyard 714,1 milyon manatı və ya 67,4%-i cari xərclərə, 3 milyard 434,8 milyon manatı və ya 26,5%-i əsaslı xərclərə, 7 milyard 87,7 milyon manatı və ya 6,1%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
2022-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 7 milyard 307,1 milyon manat icra olunub.
2022-ci ilin ilk altı ayında icmal büdcənin gəlirləri 18 milyard 149,7 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,4% çoxdur. İcmal büdcənin xərcləri isə 14 milyard 343 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% çoxdur. İcmal büdcədə 3 milyard 806,7 milyon manat büdcə artıqlığı (artım 47,7%) yaranıb.
2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat, xərcləri 32 milyard 303,8 milyon manat, kəsiri 3 milyard 106 milyon manat məbəğində və ya ÜDM-in 2,7%-i səviyyəsində proqnozlaşdırılır.*
X.Nəsirzadə