Polis Kovdorda (Murmansk vilayətinin qərbində monoşəhər) kütləvi davanın baş verdiyi şəraiti araşdırır. Bu barədə bu gün “İnterfaks”a Rusiya DİN-in Murmansk vilayəti üzrə İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə bazar ertəsinə keçən gecə Kovdorda yerləşən kafelərdən birində baş verib. Dava zamanı dörd nəfər xəsarət alıb, səkkiz iştirakçı polis şöbəsinə gətirilib.
RF Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (xuliqanlıq) üzrə cinayət işi başlanıb.
Növbəti gecə onlarla yerli sakin Kovdor küçələrinə çıxıb. Toplaşanlar münaqişə tərəflərindən birinin ünvanına ksenofob şüarlar da səsləndiriblər.
“Polis əməkdaşları tərəfindən ictimai asayişin qorunması üçün bütün zəruri tədbirlər görülüb. İctimai asayişin pozulmasına yol verilməyib. Hazırda polis əməkdaşları münaqişədə iştirak etmiş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir”, - deyə məlumatda qeyd olunur.
Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatında qeyd ediblər ki, insident millətlərarası münasibətlər zəminində baş verməyib.
“Bizdə olan məlumata görə, təxribat baş verib. Əslində, bu, iki il bundan əvvəl baş vermiş hadisələrin davamıdır. Həmin vaxt bir qurp yerli sakin həmyerlilərimizin maşınlarını yandırmışdılar və zorla pul alırdılar. Bizimkilər isə pul ödəməkdən imtina edirlər”, - deyə Mərkəzin sədri Afil Hüseynov agentliyə bildirib.
Sədrin köməkçisi Hüseynalı Hüseynov isə əlavə edib ki, Kovdorda cəmi 50 nəfərə yaxın azərbaycanlı yaşayır. Onlar gecə baş vermiş hadisələrdən sonra şəhəri tərk etməyiblər, lakin Mərkəzin rəhbərliyi ilə təmasdadırlar.
“Bu vəziyyət bütün qurumların diqqət mərkəzindədir. Bu gün biz Murmansk vilayətinin qubernatoru ilə işgüzar görüşə dəvət olunmuşuq”, - deyə o bildirib.*