2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,5 milyard təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,4% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Hesabat dövründə meyvə-tərəvəz məhsullarının ixracı 7,1% artaraq $328,1 milyon təşkil edib.
Kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1%, pambıq iplik ixracı 12,8%, pambıq lifi ixracı isə 5,2% artıb.
2022-ci ilin iyun ayında ixracın ümumi həcmi $3,1 milyard təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,8% təşkil etməklə $269,6 milyon olub. Ərzaq məhsulları üzrə ixrac $119,6 milyon (artım 6,6%), qeyri-ərzaq məhsulları üzrə isə $149,9 milyon (artım 5,1%) təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın ixracı $18,5 milyard təşkil edib.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.*
X.Nəsirzadə