Ermənistan milli tarixşünaslığı dəyişdirməli və o, yalnız tarixi faktlara və hadisələrə əsaslanmalıdır. Bu sözləri politoloq Fuad Axundov deyib.
“Ermənistan dünyada yeganə ölkədir ki, öz memarlıq və toponimik simasını Azərbaycan üslubundan tamamilə erməni üslubuna dəyişdirib. Bununla da Ermənistan törətdiyi cinayətlərin izlərini dünya ictimaiyyətindən gizlətmək üçün tarixi saxtalaşdırır (...). Ermənistan beynəlxalq elmi ictimaiyyəti güldürməyə son verməli və tarixşünaslığı elmi “relslər” üzərinə qoymalıdır”, - deyə o, “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” kitabının təqdimatını şərh edərkən bildirib.
Bununla yanaşı, Axundov vurğulayıb ki, Ermənistan 2 minə yaxın Azərbaycan toponimi və hidronimini dəyişdirərək erməniləşdirib. Politoloq avropalıların hindu şəhərlərinin, çaylarının və göllərinin tarixi adlarını saxlamaqla, yeni ərazilər saldığı ABŞ tarixindən nümunələr gətirib.
Onun sözlərinə görə, Ermənistanda tarixi irsin qorunub saxlanmasının tərəfdarı olan Azərbaycan ərazi iddiaları irəli sürmür.
“Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürmür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Bu gün Ermənistan cəmiyyətində ən yeni tarixə bir çox yanaşmaların yenidən qiymətləndirildiyini nəzərə alsaq, tarixşünaslıqda köklü islahatların aparılması üçün yaxşı imkan yaranır ki, gələcəkdə bütün qonşulara qarşı ərazi iddiaları üçün zəmin yaradan saxta faktlar deyil, tarixi faktlar hər zaman ön planda olsun. Elə bu ərazi iddiaları Ermənistanı qanlı müharibələrə sürükləyib”, - deyə Axundov vurğulayıb.*
X.Nəsirzadə