İyulun 6-da Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun Aşqabadda işgüzar səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılması sxemlərinin şaxələndirilməsinin vacibliyi vurğulanıb. Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Görüş zamanı tərəflər iqtisadi tərəfdaşlığın gedişatını müzakirə edib, onun ardıcıl və sistemli şəkildə inkişaf etdiyini bildiriblər. Enerji sektorunda ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılması sxemlərinin şaxələndirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
Bildirilib ki, Türkmənistan-Azərbaycan enerji əməkdaşlığında əlamətdar hadisə 2021-ci ilin yanvarında “Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimlənilməsi haqqında” Anlaşma Memorandumunun imzalanması olub. Bununla əlaqədar Türkmənistan tərəfi əməkdaşlığın bir neçə enerji sahəsi üzrə ikitərəfli məsləhətləşmələri davam etdirməyə hazır olduğunu bildirib.
Danışıqlar zamanı mövcud potensial nəzərə alınmaqla əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub.*
R.Əhmədov