Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclasının tarixi hələ məlum deyil, bütövlükdə, delimitasiya prosesi asan olmayacaq. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Delimitasiya komissiyasının növbəti iclasının tarixi hələ məlum deyil”, - deyə nazir bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, komissiyanı uzun və çətin prosesdən sonra formalaşdırmaq mümkün olub. “Ermənistan deeskalasiya tədbirlərinin (sərhəddə - İF) görülməsini, qoşun və sərhədçilərin sərhəddən çəkilməsini təklif edirdi. Lakin Azərbaycan tərəfi bununla razılaşmadı, çünki öz sərhədlərini qorumaq Azərbaycanın konstitusiya hüququ və borcudur”, - deyə Bayramov qeyd edib.
XİN başçısı vurğulayıb ki, Azərbaycan delimitasiya prosesinin sivil formada, tarixi və hüquqi sənədlər araşdırılmaqla aparılmasının tərəfdarıdır.
“Əlbəttə, fikir ayrılıqları ola bilər, lakin komissiya və onun fəaliyyəti məhz ümumi məxrəcə gəlmək üçün lazımdır”, - deyə o əlavə edib.
Bayramov vurğulayıb ki, bütövlükdə, delimitasiya uzun prosesdir və “Azərbaycanla Ermənistan arasında keçmiş münasibətləri nəzərə alaraq bu prosesin asan olmayacağını düşünürük”.*
B.Rüstəmbəyov