Beynəlxalq Valyuta Fondu (BVF) 2028-ci ilə kimi Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının $8,275 milyarda qədər artacağını proqnozlaşdırır.
2021-ci ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları $7,075 milyard təşkil edib. Bununla da 2022-2027-ci illərdə Mərkəzi Bankın ehtiyatları 17% artacaq.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu proqnozlar BVF tərəfindən Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunları üzrə dərc edilib.
BVF-nin proqnozlarına görə, 2022-ci ilin yekunları üzrə Mərkəzi Bankın valyuta ehtiyatları $7,275 milyard (2021-ci illə müqayisədə artım 2,8%) təşkil edəcək. Bununla yanaşı, 2023-2027-ci illərdə AMB-nin valyuta ehtiyatlarının illik artımı $200 milyon məbləğində olacaq.
30 iyun 2022-ci il tarixinə AMB-nin valyuta ehtiyatları $7 milyard 371,9 milyon məbləğində (I yarımillikdə artım 4,2%) qiymətləndirilirdi.*
A.Əzizov