Azərbaycan 2022-ci ilin I yarısında 11,2 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,7% çoxdur. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“2022-ci ilin I yarısında 11,2 milyard kubmetr Azərbaycan qazı ixrac edilib, bu həcmin 48%-i və ya 5,4 milyard kubmetri Avropaya göndərilib”, - deyə nazir bu gün Twitter hesabında yazıb.
O qeyd edib ki, hesabat dövründə Türkiyəyə 4,3 milyard kubmetr (38%), Gürcüstana isə 1,5 milyard kubmetr qaz (14%) ixrac olunub.
Daha əvvəl Prezident İlham Əliyev bildirmişdi ki, 2021-ci ildə Azərbaycan 22 milyard kubmetr qaz ixrac edib, 2022-ci ildə ixracın həcmi 24 milyard kubmetr təşkil edəcək.
2020-ci il dekabrın 31-dən 2021-ci il dekabrın 31-dək Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropaya 8,2 milyad kubmetr qaz nəql edilib.
Öz növbəsində, P.Şahbazov qeyd edib ki, 2022-ci ildə Azərbaycan Avropaya 10 milyard kubmetrdən çox qaz ixrac edəcək.
Azərbaycan qazının TAP ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanda keçirilib.*
R.Kərimov