Avropa İttifaqı (Aİ) ölkələri 2022-ci ilin birinci rübündə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan 2,1 milyard avro həcmində qaz alıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Avropa Komissiyasının (AK) Avropa qaz bazarındakı vəziyyətlə bağlı rüblük hesabatında deyilir.
AK il ərzində Azərbaycandan tədarükün artdığını qeyd edib: ötən ilin I rübündə 10 teravatt/saata qarşı 2022-ci ilin I rübündə təxminən 24 teravatt/saat.
Hesabata əsasən, cari ilin I rübündə TAP vasitəsilə qaz nəqlinin xüsusi çəkisi bir il əvvəlki 1,2%-ə qarşı ümumi tədarükün 2,5%-ni təşkil edib.
“TAP Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qaz ehtiyatlarına çıxışı təmin edir ki, bu da Aİ-nin qaz təchizatı təhlükəsizliyi siyasətinin mühüm nəticəsidir”, - deyə hesabatda vurğulanır.
Qeyd olunur ki, Azərbaycan qazı uzunmüddətli müqavilələr əsasında tədarük edildiyi üçün rəqabətqabiliyyətli olub.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin birinci rübündə isə 2,6 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Avropaya qaz ixracının 10 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanda keçirilib.*
R.Kərimov