Cənubi Koreyanın “Korean Air” aviaşirkətinə məxsus olan təyyarə mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakıya təcili eniş edib. Bu barədə “Yonhap” agentliyi aviaşirkətin məlumatına istinadən xəbər verir.
““Korean Air” aviaşirkətinin Türkiyədən uçan təyyarəsi mühərriklərdən birində nasazlıq aşkar edildikdən sonra Azərbaycana təcili eniş edib”, - deyə aviaşirkətin məlumatında qeyd olunur.
Təyyarənin göyərtəsində 215 sərnişin və 10 ekipaj üzvü olub, insident zamanı xəsarət alan yoxdur.
“Korean Air” aviaşirkətində əlavə ediblər ki, reysin sərnişinlərini bazar ertəsi yerli vaxtla səhər saatlarında Cənubi Koreyaya çatdırmaq üçün Bakıya təyyarə göndərirlər.
Heydər Əliyev Beynəlxalq Aeroportunun bazar gününə keçən gecə yaydığı məlumata görə, İstanbul-Seul reysini həyata keçirən “Korean Air” aviaşirkətinə məxsus təyyarə mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakıya eniş edib.
““Airbus A330” təyyarəsi mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakı hava limanına məcburi eniş edib. Təyyarə saat 22:25-də uğurlu eniş edib, hadisə zamanı xəsarət alan olmayıb”, - deyə məlumatda bildirilir.*
R.Kərimov