Bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verib.
“Tərəflər ölkələr arasında münasibətlərin tənzimlənməsi ilə bağlı ikitərəfli prosesin vacibliyini vurğulayıblar, bu da regionda sülh və sabitliyin möhkəmlənməsinə imkan yaradacaq”, - məlumatda deyilir.
Paşinyan və Ərdoğan iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında görüş zamanı əldə olunan razılaşmaların qısa zamanda icra ediləcəyinə ümidvar olduqlarını bildiriblər.
Qeyd olunur ki, söhbət əsnasında Paşinyan Türkiyə prezidentini Qurban bayramı münasibətilə, Ərdoğan isə Ermənistanın baş nazirini Vardavar bayramı münasibətilə təbrik edib. **