Bazar ertəsi xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri Tomas Şuller-Qötzburqu qəbul edib.
Şuller-Qötzburq etimadnaməsinin surətini Bayramova təqdim edib.
“Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir, həmkarının Azərbaycana səfər edəcəyini gözlədiyini səfirin diqqətinə çatdırıb”, - Azərbaycan XİN-in məlumatında deyilir.
Bayramov, bölgəmizdə baş vermiş dəyişikliklər kontekstində siyasi, iqtisadi, təhsil, nəqliyyat və tranzit, alternativ və “yaşıl” enerji resurslarının inkişaf etdirilməsi istiqamətlərində, eləcə də humanitar səviyyədə imkanların və əməkdaşlıq perspektivlərinin daha da genişləndiyini qeyd edib.
Səfir, xüsusilə enerji məsələləri olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndiyini məmnunluqla diqqətə çatdırıb. Səfir Avstiya şirkətlərinin ölkəmizə marağının daha da artdığını qeyd edib. Cari ilin may ayında Avstriyadan Azərbaycana ticarət missiyasının həyata keçirildiyini, növbəti belə missiyanın yaxın gələcəkdə planlaşdırıldığını bildirib.
Bayramov görüş zamanı Ermənistanın təcavüzü nəticəsində Azərbaycana və əhalimizə dəyən zərər barədə qarşı tərəfi məlumatlandırıb. O, daha sonra, səfirə bölgədə münaqişə sonrası vəziyyət, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, Bakı ilə İrəvan arasında normallaşma prosesi, habelə bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair Azərbaycanın baxışları və təklifləri barədə məlumat verib.
“Həmçinin, nazir Avstriya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə dəstək verməsinin vacibliyini vurğulayıb”, - məlumatda qeyd olunur. **
N.Abbasova