“SOCAR Energy Ukraine” şirkəti (SOCAR-ın Ukraynadakı törəməsi) İrpen şəhərində Zərifə Əliyeva adına 12 nömrəli məktəbin təmiri və parkın abadlaşdırılmasını maliyyələşdirəcək.
“İrpen şəhərinin meri Aleksandr Markuşin ilə “SOCAR Energy Ukraine” şirkətinin rəhbərliyi arasında razılığa əsasən, şirkət İrpenin bərpa prosesinə qoşulub. Xüsusilə, “SOCAR. Україна. Razom” layihəsi çərçivəsində şirkət Zərifə Əliyeva adına 12 nömrəli məktəbin dağıdılmış dam örtüyünün bərpasını, həmçinin məktəbin binasında pəncərə və qapıların dəyişdirilməsini maliyyələşdirəcək”, - “SOCAR Energy Ukraine”nin mətbuat xidmətindən məlumat verilir.
Bundan əlavə, “SOCAR Energy Ukraine”nin dəstəyi ilə Zərifə Əliyeva adına Dostluq parkının abadlaşdırılması ilə bağlı bir sıra işlər görüləcək.
“SOCAR İrpen şəhərinə kömək əlini təklif edir. 12 saylı məktəbin təmirini və Zərifə Əliyeva adına parkın su təchizatını maliyyələşdirəcəyik”, - məlumatda “SOCAR Energy Ukraine”ın yanacaqdoldurma məntəqələri şəbəkəsinin direktoru İqor Orlovun sözlərindən sitat gətirilir.
Ukrayna KİV-in məlumatına əsasən, “SOCAR Energy Ukraine”nin İrpenin bərpasında iştirakına dair razılıq Markuşin ilə şirkətin baş direktoru Elçin Məmmədov arasında görüş zamanı əldə olunub.
Bu yaxınlarda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov İrpenə səfər edib və Markuşin ilə şəhərin bərpasında Azərbaycan diasporunun iştirakını müzakirə edib. Xüsusilə, UABD-nin lideri “Pçyolka” uşaq bağçasının yenidən qurulması üçün maliyyə axtarışını öz üzərinə götürüb. Bundan başqa, UABD-nin fəxri rəhbəri Oqtay Əfəndiyev atəşə məruz qalmış İrpen şəhər polis şöbəsinin binasının təmirinə köməklik edib.
SOCAR 2009-cu ilin dekabr ayında “SOCAR Energy Ukraine” vasitəsilə Ukraynada fəaliyyətə başlayıb. Şirkət Ukraynada 60 YDM-dən ibarət şəbəkə və 4 neft bazasına sahibdir. **
N.Abbasova