Çexiya Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır. Bunu Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek deyib.
“Çexiya Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır, eləcə də Ələt Azad İqtisadi Zonasına və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərir”, - deyə səfir bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət zamanı bildirib.
O qeyd edib ki, Çex Respublikasının Prezidenti Miloş Zeman ona Azərbaycanla əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı tapşırıqlar verib.
İ.Əliyev ölkələrimiz arasında yüksək səviyyədə səfərlərin, o cümlədən nümayəndə heyətlərinin mütəmadi təmaslarının ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edərək, iqtisadi əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı ticarətin həcminin artırılması üçün yaxşı potensialın olduğunu bildirib. Prezident ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığa da toxunub.
Azərbaycan Prezidenti, eyni zamanda, sənaye, kənd təsərrüfatı, müasir texnologiyalar sahələrində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib, nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin önəmini vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycandan keçərək Şərqdən Qərbə yükdaşımaların həcminin artmasını nəzərə alaraq bu sahədə də əməkdaşlıq baxımından imkanlar mövcuddur. İ.Əliyev, həmçinin biznes dairələri arasında əlaqələrin genişlənməsi və qarşılıqlı investisiya qoyuluşu imkanlarının araşdırılmasının da əhəmiyyətini vurğulayıb.*
B.Rüstəmbəyov