2022-ci ilin birinci yarısında Azərbaycanın beynəlxalq hava limanları üzrə sərnişin axını 2 milyon nəfəri ötüb. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.
Aviaşirkətin məlumatına görə, iyun ayında Azərbaycanın hava limanlarında 530 min nəfərə xidmət göstərilib, bu da “pandemiyadan öncəki” 2019-cu ilin göstəricisinin 96%-ni təşkil edir.
2022-ci ilin birinci yarsında Bakı hava limanının baza aviadaşıyıcıları – “AZAL” və “Buta Airways” ilə müvafiq olaraq 618 min və 201 min sərnişin daşınıb. Onlardan 475 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir ki, bu da beynəlxalq daşımaların ümumi həcminin 36%-ni təşkil edir.
İyun ayında Bakı hava limanına 24 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. İyun ayında Bakıdan 10 ən populyar beynəlxalq istiqamətə İstanbul, Dubay, Moskva, Tbilisi, Antalya, Ankara, Abu-Dabi, Şərcə, Ər-Riyad və Minsk şəhərləri daxil olub. Həmçinin, iyunda “Salam Air” aviaşirkəti Muskat şəhərindən Bakıya birbaşa reyslər açıb.
Hazırda Azərbaycanın müxtəlif bölgələrində 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.
2021-ci ildə Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 2,93 milyon sərnişinə xidmət göstərib ki, bu da 2020-ci ilin göstəricisindən 2 dəfə çoxdur.**
N.Abbasova