Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov çərşənbə günü Yaponiyanın Bakıdakı səfirliyinə gedərək Yaponiyanın sabiq baş naziri Sindzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilir.
“Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Yaponiyanın ölkəmizdəki səfirliyinə gedərək görkəmli dövlət xadimi, sabiq baş nazir Sindzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib”, - məlumatda deyilir.
Bildirilir ki, Əsədov səfirlikdə açılan matəm kitabına Abenin ölməsi xəbərinin sarsıntı və dərin kədər hissi ilə qarşılandığını yazıb. O, bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Abenin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğunu qeyd edib. Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında onun böyük xidmətləri təqdir olunub.
İyulun 8-də Abe Yaponiyanın Nara şəhərində mitinqdə çıxışı zamanı ölümcül yaralanıb. Xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib. **
R.Kərimov