Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2022-ci ilin I yarısında 28,772 min unsiya qızıl ekvivalentində (GEO) qiymətli metal hasil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 10,6% azdır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə şirkətin məlumatında deyilir.
“Anglo Asian Mining” bu dövrdə Azərbaycanda 20,906 min unsiya qızıl (azalma 13,8%), 1,283 min ton mis (azalma 3,8%), 99,499 min unsiya gümüş (artım 26%) hasil edib.
“I yarımillikdə dünya bazarlarında bir unsiyası $1,901 min olan 11,273 min unsiya qızıl külçə (azalma 42,4%) satılıb. 2021-ci ilin I yarısında isə hər unsiya üçün orta satış qiyməti $1,776 min təşkil edib”, - deyə məlumatda bildirilir.
I yarımillikdə AAM 7,043 min ton mis konsentratı (artım 17,1%) istehsal edib, dünya bazarlarında $11,375 milyon dəyərində (artım 25,5%) 6,119 min ton mis konsentratı (artım 1,8 dəfə) satılıb.
2022-ci il iyunun 30-na şirkətin nağd vəsaitlərinin həcmi $21,1 milyon (martın 31-nə $29,4 milyon) təşkil edib. “Anglo Asian Mining”in $15,6 milyon dəyərində qiymətli metal ehtiyatı, o cümlədən $12,7 milyon dəyərində 7 min unsiya qızıl və $2,9 milyon dəyərində mis konsentratı ehtiyatı yaranıb.
“Biz diqqətimizi əvvəlki kimi “Qoşa” yatağında qızıl hasilatına başlamağa, həmçinin 2023-cü ildə “Zəfər” yatağında yeni iri mədənin istismara verilməsinə cəmləmişik”, - deyə şirkətin baş direktoru Reza Vəziri bildirib.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.*
N.Abbasova