Xocavənd və Cəbrayıl rayonlarında iki nəfər minaya düşərək xəsarət alıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“İyulun 14-ü saat 14:00 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Hazırda faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluqdan verilən məlumata görə, daha bir hadisə Cəbrayıl rayonunda qeydə alınıb.
“İyulun 14-ü saat 13:00 radələrində “Azərsun Holdinq”in sürücüsü Şamil Məmmədov Cəbrayıl rayonunun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank əleyhinə minaya düşərək ağır dərəcəli bədən xəsarətləri alıb”, - deyə məlumatda qeyd olunur.
Hazırda faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.*
E.Şəfiyev