Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya üzrə işçi qruplarının ikinci görüşü avqust ayında kçeiriləcək.
“Bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən (İkinci Qarabağ müharibəsindən - İF) 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir”, - Əliyev cümə günü 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə bildirib.
Dövlət başçısı vurğulayıb ki, iki ölkə arasında münasibətlərin normallaşması məsələsində müsbət məqamlar var, sərhədin delimitasiya üzrə işçi qruplarının ilk görüşünü misal çəkib. “Biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Çünki məhz Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışırdı. Ermənistan tərəfi buna o qədər də meyilli deyildi. Ancaq birinci görüş keçirildi (mayın 24-də Azərbaycan-Ermənistan sərhədində - İF). Əlbəttə, bu görüş daha çox tanışlıq xarakteri daşıyırdı. Gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaqdır. Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik”, - Əliyev vurğulayıb.
Dövlət başçısı münasibətlərin normallaşması üçün Ermənistan tərəfindən 5 prinsipin qəbul edilməsini daha bir müsbət məqam adlandırıb. “Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib. Bu beş prinsip nədən ibarətdir, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir, təkrarlamaq istəmirəm. Ancaq təmasda olduğum bütün tərəf müqabilləri ilə müzakirələr zamanı Azərbaycanın bu təşəbbüsü təqdir olundu. Münaqişənin məhz bu prinsiplər əsasında həll olunması demək olar ki, təsdiqləndi. Ermənistan bunu qəbul etdi və bunu rəsmən etiraf etdi. Biz bu məsələni bir neçə qonşu dövlətlə müzakirə etmişik - Türkiyə ilə, Rusiya ilə, İranla müzakirə etmişik və bu mövqe dəstəklənir. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları - biz bu tərəfdaşlarla da bu məsələni müzakirə etmişik və faktiki olaraq indi sülh danışıqlarının başlanması üçün əsas yaradılıb. Yenə də Azərbaycan təşəbbüs göstərib, yenə də bu beş prinsipi formalaşdıran bizik və əgər biz bu təşəbbüsü öz üzərimizə götürməsəydik, bu günə qədər bu istiqamətdə də heç bir inkişaf olmazdı”, - Azərbaycan prezidenti deyib. **
E.Şəfiyev