Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Aİ-nin Bakı və İrəvanın şənbə günü Gürcüstanda Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirmək ilə bağlı qərarını dəstəklədiyini bəyan edib.
“Bu gün (dünən - İF) Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və baş nazirin müavini Şahin Mustafayevlə çox yaxşı görüşlər keçdi. Sülh prosesinin vəziyyəti qiymətləndirilib. O cümlədən, sabah (şənbə günü - İF) xarici işlər nazirlərinin Gürcüstanda görüşünün keçirilməsi ilə əlaqədar Ermənistan və Azərbaycanın ikitərəfli qərarına Aİ-nin dəstəyini ifadə etdim”, - Klaar Twitter hesabında yazıb.
Şənbə günü Azərbaycan və Ermənistan XİN başçıları Gürcüstanın paytaxtında görüşəcəklər. Azərbaycan XİN-dən məlumat verilib ki, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Gürcüstana yola düşüb. **
R.Kərimov