Dövlət Təhlükəsizliyi Xidməti (DTX) gömrük orqanlarının vəzifəli şəxslərinin, o cümlədən Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun həbsi barədə məlumat verib.
Qeyd olunub ki, daxil olmuş məlumatlar əsasında 10 iyun 2022-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Cümə günü DTX-dən məlumat verilib ki, Rəsulov 14 iyul 2022-ci il tarixində şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Xüsusilə, Rəsulovun “Azerbaijan LegalConsulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.
Bundan başqa, DTX-dən bildiriblər ki, Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru Ehtiram Xəlilov cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və 22 iyun 2022-ci il tarixində məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
DTX-nin məlumatına əsasən, istintaq zamanıXəlilovun gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozaraq ayrı-ayrı şəxslərlə qabaqcadan əldə edilmiş razılığa əsasən dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsini və satılmasını təmin etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.Qulamov, R.Hacıyev, S.Tağıyev, E.İbrahimov, T.Pənahov, S.Abdullayev, İ.Musayev, E.Hümbətov, Ə.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət almasına əsaslı şübhələr yaranıb.
Bundan əlavə, bildirilib ki, Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. 1 iyul 2022-ci il tarixində məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Məlumatda deyilir ki, həmin şəxslərin əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar ölkə ərazisinə daxil olmasına xüsusi icazə tələb edilən iriölçülü və ağırçəkili xarici yük maşınlarının sərhəd keçid məntəqələrindəki gömrük nəzarət postlarından buraxılması və bunun üçün maneə yaradılmaması müqabilində həmin yük maşınlarının hər birinə görə sahiblərindənvasitəçilərdən istifadə etməklətəkrar külli miqdarda rüşvət almaları faktlarına dair məlumatlar əldə edilib. **
R.Kərimov