Şənbə günü xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Qaribaşvili qeyd edib ki, Tbilisi Azərbaycan-Ermənistan danışıqlarının keçirilməsini dəstəkləyir. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Şənbə günü Bayramov Gürcüstanda işgüzar səfərdədir. Səfər proqramı çərçivəsində Gürcüstanın baş naziri, xarici işlər naziri və Ermənistan XİN başçısı ilə görüşlərin keçirilməsi planlaşdırılır.
XİN-in məlumatında deyilir ki, Bayramov Qaribaşvili ilə görüş zamanı Azərbaycan və Gürcüstan arasında mövcud olan ənənəvi dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bildirib. O, “iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini” vurğulayıb.
Bayramov Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə ev sahibliyinə görə Gürcüstan tərəfinə təşəkkür edərək, post-münaqişə mərhələsində Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə məlumat verib.
Öz növbəsində, Qaribaşvili sülhün əldə edilməsi səylərini alqışladıqlarını və Gürcüstanın bu prosesi dəstəklədiyini, bu xüsusda ev sahibliyi etdikləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün əhəmiyyətini vurğulayıb.
O, Azərbaycan-Gürcüstan əlaqələrinin dinamik şəkildə inkişafından məmnunluq ifadə edib.
Tərəflər iqtisadi, ticarət, enerji, nəqliyyat, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparıblar. **
R.Kərimov