Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta”nın Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilmə yolu ilə yenidən təşkil edilməsi haqqında fərman imzalayıb.
Həmin gün imzalanmış dövlət başçısının digər sərəncamı ilə “Azərsığorta” ASC-nin Direktorlar Şurasının tərkibi təsdiq edilir. Direktorlar Şurasının sədri - maliyyə nazirinin müavini Azər Bayramov təyin edilib. Həmçinin, Direktorlar Şurasına Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini Xəyyam Məmmədov və Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini Gündüz Əliyev daxildirlər.
Hər iki sənədin mətni dövlət başçısının saytında dərc olunub.
“Azərsığorta” 1991-ci ildə yaradılıb. Şirkət sığorta haqlarının yığım və həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Nizamnamə kapitalı 9 milyon manata bərabərdir.**
R.Kərimov