Şənbə günü Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan XİN başçısı Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların bütün müddəalarının icrasının, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyini vurğulayıb. Bu barədə Azərbaycan XİN-in saytında ikitərəfli görüşün yekunlarına dair məlumatında deyilir.
Görüşdə Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Nazirlikdən bildirilir ki, bu kontekstdə “Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb”.
Görüş zamanı Bayramov 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.
XİN-dən əlavə ediblər ki, görüşdə tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar. Həmçinin, görüşün Gürcüstanda təşkilinə görə gürcü tərəfinə minnətdarlıqlarını bildiriblər. **
R.Kərimov