2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $12 milyard 122 milyon 243,71 min təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 3,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $24 milyard 836 milyon 191,51 min (2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 75%) təşkil edib. Hesabat dövründə ixracın həcmi $18 milyard 479 milyon 217,61 min (artım 2 dəfə), idxalın həcmi $6 milyard 356 milyon 973,9 min (artım 17,9%) təşkil edib.
İxracın strukturunda əsas həcm (92,11%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 16,63% ərzaq məhsullarının, 0,64% tütün və tütün məhsullarının, 5,2% əczaçılıq məhsullarının, 0,5% gübrələrin, 3,52% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,61% odun və agac məhsullarının, 0,81% geyim və geyim aksessuarlarının, 7% qara metal və ondan hazırlanan məmulatların, 20,07% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 9,22% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,29% mebelin, 28,7% digər məhsulların payına düşüb.
Yanvar-iyun aylarında xarici ticarət əməliyyatlarında 7,392 min özəl və dövlət müəssisəsi və 24,582 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 165 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-iyun aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 48,55%-i), Türkiyə (10,02%), İsrail (5,05%), Hindistan (4,36%), Böyük Britaniya (3,29%), Yunanıstan (3,13%), Almaniya (2,23%), Portuqaliya (2,32%), Rusiya (2,11%) və Gürcüstan (2.07%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (18,6%), Türkiyə (16,56%), Çin (14,83%), Qazaxıstan (4,77%), Almaniya (4,42%), İran (3,48%), ABŞ (2,69%), İtaliya (2,27%), Ukrayna (2,08%) və Yaponiya (1,91%) ilə həyata keçirib.
2021-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $10 milyard 500 milyon 884,43 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3,5 dəfə çoxdur.*
B.Rüstəmbəyov