2022-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22 milyard 520,3 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard 635,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (artım 2,3%), 9 milyard 884,7 milyon manatlıq qeyri-ərzaq malları (artım 3,6%) satılıb.
2022-ci ilin yanvar-iyun aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,2%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 12,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,8%-i elektrik malları və mebellərin, 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6%, bazar və yarmarkalarda 7,5% artıb, fərdi sahibkarlar üzrə isə 1% azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini 209,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1163,9 manatlıq qeyri-ərzaq malları alıb.
2021-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,2% artırıb.*
B.Rüstəmbəyov